BAKI, 16 yanvar. TELEQRAF

Ukraynanın müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko hökuməti “faşist rejimi” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu “faşist rejimi”nin başında Prezident Volodimir Zelenskinin dayandığını bildirib.

“Məni ölkədən qovmaq istəyirlər. Üç dəfə buna cəhd elədilər, hər dəfə geri qayıtmamağımı dedilər. Amma mən burada olacağam, heç yerə getməyəcəm. İstəyirəm ki, hamı - həm Korrupsiyaya qarşı Mübarizə Bürosu, həm də onlara göstəriş verənlər bilsinlər: ölkə bu faşist rejimindən azad olana qədər burada olacağam”, - müxalifət lideri vurğulayıb.

Xatırladaq ki, Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.