BAKI, 31 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Ukraynanın şimal-şərqində “təhlükəsizlik zonası”nın genişləndirilməsi barədə əmr verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Söhbət Ukraynanın Rusiya ilə həmsərhəd olan Sumı və Xarkov vilayətlərindən gedir. Gerasimov bu istiqamətdə fəaliyyət göstərən Rusiya ordusunun “Şimal” qoşun qrupunu yoxladığını açıqlayıb.

“Rusiya Prezidenti 2026-cı ildə Sumı və Xarkov vilayətlərində təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib”, - Baş Qərargah rəisi deyib.

Sözügedən qrup 2024-cü ilin əvvəllərində yaradılıb. Vəzifəsi sərhəd boyunca “təhlükəsizlik zonası” yaratmaq və Ukrayna qüvvələrini ölkənin dərinliklərinə sıxışdırmaqdır.