BAKI, 22 noyabr. TELEQRAF
“Ukraynada vəziyyət ağırdır, ölkə nə müharibəni davam etdirə, nə də onu bitirə bilir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti bu dövrdə ehtiyatlı davranıb, çünki ölkəni dağıdıcı müharibəyə sürükləyirdilər.
“Xarici qüvvələr, daxili müxalifət və QHT-lər bizi müharibəyə çəkmək istəyirdilər. Biz isə bəyan etdik ki, əgər kimsə bilmirsə, gürcülər öz acı təcrübələrindən yaxşı bilirlər ki, belə müharibələr necə başlayır və bitir. Buna görə də Gürcüstan hökuməti ehtiyatlı idi, çünki dağıdıcı müharibənin astanasında dayanmışdıq, həm daxili, həm də xarici qüvvələr bizi birbaşa buna itələyirdilər.
Ukraynaya gəlincə, orada vəziyyət ağırdır, ölkə nə müharibəni davam etdirə, nə də onu bitirə bilir. Müharibə dalana dirənib. Çıxış yolu yoxdur: müharibəni davam etdirmək də, bitirmək də çətindir. Prezident Zelenskinin dünənki bəyanatı bunun təsdiqidir, Ukrayna iki pis seçimdən birini seçməlidir.
Məhz bunu istəyirdilər ki, bizim də başımıza gəlsin, bizim də real seçimimiz qalmasın və biz də iki pis seçim qarşısında qalaq. Gürcüstan hökuməti və gürcü xalqı ölkəmizi məhz bundan xilas etdi”.