BAKI, 20 oktyabr. TELEQRAF
“Rusiya lideri Vladimir Putin təkidlə Ukraynanın bütün Donbas bölgəsini – Luqansk və Donetsk vilayətlərini istəyir. Bunun bir neçə səbəbi var”.
Teleqraf xəbər verir ki, bunu isveçli analitik Andreas Umland Almaniyanın “Tagesspiegel” qəzetinə müsahibəsində deyib.
Ekspert bildirib ki, Donbas tam ələ keçirilmədiyi üçün Kreml on ildir “münaqişənin tam həll olunmadığını” bəyan edir:
“Moskvanın rəsmi ritorikasına görə, 2022-ci ildə Luqansk və Donetsk qanunsuz olaraq düzəliş edilmiş Rusiya Konstitusiyası əsasında Rusiyanın tərkibinə daxil edilib. İndi Putin məcburdur ki, Konstitusiyada “təsbit” edilmiş bu məsələni çözsün”.
Umland əlavə edib ki, Donetskə nəzarət Ukraynanın dərinliklərinə gələcək hücumlar üçün strateji üstünlük təmin edir və regionun təbii ehtiyatlarına çıxışı açır:
“Donbas Kiyevin nəzarəti altında qalan hissələr üçün yaxşı möhkəmləndirilmiş “qalalar kəməri”nə çevrilib. Son 11 il ərzində Ukrayna qüvvələri burada səngərlər, bunkerlər, istehkamlar və logistika xətləri sistemi quraraq, bölgəyə hücumu son dərəcə çətinləşdirib. Məhz bu istehkamlar və yüksək itkilər üzündən Rusiya Luqansk vilayətinin böyük hissəsinə nəzarət etsə də, indiyə qədər Donetsk bölgəsini tam ələ keçirə bilməyib.
Çətinliyi nəzərə alan Kreml bu problemi təkcə hərbi deyil, həm də diplomatiya yolu ilə həll etməyə çalışır: Kiyevdən ərazi güzəştləri qoparmaq, Qərbi Ukraynaya təzyiq göstərməyə məcbur etmək. Əgər Qərb, xüsusən də Tramp Zelenskini güzəştə getməyə sövq edərsə, Putin irimiqyaslı yeni əməliyyatlar olmadan mühüm qələbə qazanacaq. Ukrayna bundan imtina etsə, Moskva Qərb liderlərinə Kiyevi “sülhə maneə” kimi təqdim edə biləcək.
Donbas hazırda həm Ukrayna, həm də Rusiya ordusu üçün ölüm zonası reputasiyasına malikdir. Ona görə də Putin Moskva üçün bu operativ, strateji və siyasi problemi hərbi yolla deyil, danışıqlar yolu ilə həll etməyə çalışır”.
İsveçli analitik Donbas uğrunda hər iki tərəfdən minlərlə insanın həlak olduğunu xatırladıb.