BAKI, 17 oktyabr. TELEQRAF
“Təkcə sentyabr ayında Rusiya ordusunun itkiləri 29 minə yaxın hərbçi, 70 tank, 65 zirehli döyüş maşını, 1050-dən çox artilleriya və 6 reaktiv yaylım atəşi sistemi olub, digər texnikalar da məhv edilib və ya zədələnib”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.
Baş komandan qeyd edib ki, ilin əvvəlindən 2060 Rusiya hərbçisi Ukrayna ordusuna təslim olub.
Sırski vurğulayıb ki, artıq Rusiya mühüm ərazilər və yaşayış məntəqələrini ələ keçirmək planları reallaşdıra bilmir, buna görə də planlara daim yenidən baxılır və ya təxirə salınır:
“Ukrayna ordusu düşmənin şəxsi heyət və silah-sursatda üstünlüyünün qarşısını almaq üçün asimmetrik tədbirlərdən istifadə etməklə Kremlin gələcək planlarını məhv etməkdə davam edir. Effektiv aktiv müdafiə tədbirlərindən istifadə edirik”.
O əlavə edib ki, Rusiya cəbhədə istədiyi uğurları qazana bilmir:
“Rusiyaya qarşı ən təsirli addım onun dərinliyinə zərbələr endirməkdir, bu çərçivədə işğalçı ölkənin hərbi hədəfləri, maddi-texniki təchizatı və enerji kompleksi məhv edilir. Bu işin nəticəsi Rusiya ordusu və iqtisadiyyatı üçün getdikcə hiss olunur. İlin əvvəlindən Rusiyanın yanacaq-energetika və hərbi-sənaye kompleksinin 45 obyekti uğurla vurulub. Nəticədə Rusiyada yanacaq-sürtkü materiallarının ümumi istehsalı demək olar ki, 25 faiz azalıb. Hər gün işğalçı ölkə neft məhsullarının ixracının azalmasından 46 milyon ABŞ dollarından çox itirir. Düşmənin arxadakı resurslarını məhv etmək onun aktiv döyüş əməliyyatları aparmaq imkanlarını xeyli çətinləşdirir”.
Sırski söyləyib ki, Ukraynanın müttəfiqlərindən yeni hərbi yardım paketləri ilə bağlı müsbət siqnallar da var. Xüsusilə, ABŞ-dən “Tomahavk” qanadlı raketləri və digər müasir sistemlər kimi dəqiq silahların tədarükü müzakirə edilir.
“Onların istifadəsi təcavüzkar Rusiyanın müharibəni bitirmək və ədalətli sülhü bərqərar etmək məcburiyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək. Ukrayna Müdafiə Qüvvələri uğura inamını qoruyur”, - Aleksandr Sırski vurğulayıb.