BAKI, 10 oktyabr. TELEQRAF

Xarici işlər naziri Andrey Sibiqa bütün tərəfdaşları Rusiyanın yüzlərlə PUA və raketlərlə Ukrayna boyu mühüm mülki, o cümlədən enerji infrastrukturuna hücumuna qətiyyətlə cavab verməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri X sosial şəbəkəsində bildirib.

“Rusiya HƏMAS-dan da pisdir. Hətta HƏMAS da atəşkəs və sülh səylərinə razılıq verib. Əksinə, Moskva başladığı mənasız müharibəni davam etdirir - qalib gələ bilməyəcəyi müharibəni”, - o qeyd edib.

Ukrayna diplomatiyasının rəhbəri məlumat verib ki, Zaporojyeyə hücum nəticəsində 7 yaşlı uşaq həlak olub, onlarla dinc sakin yaralanıb, Kiyev, Xarkov, Poltava, Zaporojye, Dnepr və digər bölgələrdə çoxlu sayda insan işıqsız qalıb.

Sibiqa vurğulayıb ki, hazırda enerji təchizatını bərpa edən Ukrayna enerji şirkətləri tərəfdaşların köməyinə daha çox ehtiyac duyurlar: “Moskvaya təzyiq işləyə biləcək yeganə reseptdir, amma bu, güclü və sərt olmalıdır”.

Xatırladaq ki, oktyabrın 10-na keçən gecə Rusiya ordusu Ukraynaya PUA və raketlərlə kütləvi şəkildə hücum edib.