BAKI, 19 sentyabr. TELEQRAF

Rusiya hərbi komandanlığı Ukraynaya qarşı müharibədə qalib gəlmək niyyətində olduğuna işarə edir.

Teleqraf xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Rusiya lideri Vladimir Putin və Baş Qərargah rəisi Valeri Gerasimovun son bəyanatlarını təhlil edərkən bu fikrə gəliblər.

Təhlildə bildirilib ki, sentyabrın 18-də Putin hazırda Ukraynada 700 mindən çox rus əsgərinin olduğunu açıqlayıb, Gerasimov isə bir gün əvvəl Rusiya qoşunlarının bütün cəbhə xətti boyunca irəlilədiyini iddia edib. Ekspertlərin fikrincə, bu bəyanatlar Putinin “qələbə nəzəriyyəsi”nə uyğundur. Kreml sahibi Rusiya ordusunun cəbhədə irəliləyişini qeyri-müəyyən müddətə davam etdirmək və Ukraynaya qarşı tükəndirici müharibədə qalib gəlmək üçün resurslar və döyüş qabiliyyətinə malik olduğunu güman edir.

Analitiklərin fikrincə, Putinin “qələbə nəzəriyyəsi” Qərbin yardımına və Ukraynanın müqavimətinə baxmayaraq, Rusiyanın qalib gələ biləcəyi iddiasına əsaslanır. Putin dəfələrlə Rusiya qüvvələrinin döyüş meydanında hərbi məqsədlərinə çata biləcəyinə inandığını bəyan edib, hətta rus qoşunları yavaş irəliləsə belə. Putin “Rusiyanın tükənməz resursları”nın sonda qələbədə əsas rol oynayacağına inanır.

ISW isə hesab edir ki, Rusiyanın qələbəsi qaçılmaz deyil, Ukrayna və Qərb Rusiyanın bir neçə əsas zəifliyindən istifadə edərək Putini hesablamalarını dəyişməyə və xoş niyyətlə danışıqlara başlamağa məcbur edə bilər.