BAKI, 9 sentyabr. TELEQRAF

“İstəklilər Koalisiyası”nda iştirak edən Qərb ölkələri Ukraynaya sülhməramlı kontingentin yeridilməsi və onun təhlükəsizliyinə zəmanət müqabilində Rusiyaya ərazi güzəştləri edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı hakerlərin əldə etdikləri məlumatlara istinadla bildirib.

Hakerlərin Fransa Silahlı Qüvvələrinin ofisindən əldə etdikləri məlumata görə, koalisiya Rusiyaya Ukraynanın işğal edilmiş Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini, həmçinin Xerson və Zaporojye vilayətlərinin bir hissəsini verməyə və Rusiyanın Krım üzərindəki “suverenliyini” tanımağa hazırdır.

Qeyd olunur ki, bunun müqabilində koalisiya ölkələri Ukrayna ərazisinə Avropa İttifaqı (Aİ) və NATO-dan 50 minə yaxın sülhməramlının daxil edilməsinə Rusiyanın razılığını almaq istəyirlər. Xüsusilə, bu, lazım gələrsə döyüşə hazır olan az sayda hərbi hissələrin təmas xəttində, eləcə də Kiyev, Sumı, Dnepropetrovsk və Ukraynanın bir sıra digər bölgələrində yerləşdirilməsinə aiddir.