BAKI, 3 iyul. TELEQRAF

Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini general mayor Mixail Qudkov və döyüş yoldaşı, zabit Nəriman Şıxəliyev Ukrayna Hərbi Hava Qüvvələrinin HIMARS sisteminin zərbələri nəticəsində ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna hərbi aviasiyası Kursk vilayətində birbaşa M.Qudkov, N.Şıxəliyev və digər yüksək rütbəli hərbçilərin olduğu komanda məntəqəsini hədəfə alıb.

Ölümün hansı şəraitdə baş verdiyi barədə rəsmi məlumat verilmir, amma Ukraynanın hərbi mənbələri Kursk vilayətinin Korenevo kəndindəki komanda məntəqəsinə HIMARS-la (ABŞ istehsalı raket sistemi - red.) zərbələr nəticəsində M.Qudkov, onun müavini və 10-20 rusiyalı hərbçinin məhv edildiyini bildirirlər.

2023-cü ildə Mixail Qudkova “Rusiyanın Qəhrəmanı” adı verilib.

Ukrayna hərbçilərinin məlumatına görə, Qudkovun 2022-ci ildə komandanlıq etdiyi 155-ci Əlahiddə Qvardiya Buça, İrpen və Qostomel şəhərlərinin işğalında iştirak edib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, sözügedən qvardiya Kiyev vilayətində gedən döyüşlərdə şəxsi heyətinin yarıdan çoxunu itirib. 2023-cü ilin sonuna qədər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı ən çox Rusiyanın bu qvardiyası itki verib”.

***

13:46

Rusiya Hərbi Dəniz Qüvvələri baş komandanının müavini, qvardiya general-mayoru Mixail Qudkov Kursk yaxınlığındakı döyüşlərdə həlak olub.

Teleqraf xəbər verir ki, bunu Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako bildirib.

O deyib ki, M.Qudkovla birlikdə döyüş yoldaşı, zabit Nəriman Şıxəliyev də ölüb.

“Komandirlə yanaşı, onun sadiq döyüş yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də həlak olub”, - qubernator söyləyib.

Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.

Hadisənin Ukrayna Hərbi Hava Qüvvələrinin Kursk vilayətinə hücumu zamanı baş verdiyi bildirilir.