BAKI, 7 iyun. TELEQRAF
Estoniya, Litva və Latviya parlamentlərinin xarici əlaqələr komitələri iyunun 6-da birgə bəyanat yayaraq, Ukraynanın qələbəsinə, onun Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünə davamlı dəstəyin göstərilməsinə çağırıblar.
Teleqraf xəbər verir ki, bəyanat bu qurumların Litvada keçirilən iclasında qəbul olunub.
Birgə bəyanatda vurğulanır ki, Ukraynanın Rusiya təcavüzü üzərində qələbə çalması və NATO-ya üzv olması təkcə bu ölkədə yox, bütün Avropada ədalətli və davamlı sülhü möhkəmləndirəcək, beynəlxalq qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasına kömək edəcək.
Bildirilir ki, üç ölkə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərin azad edilməsi, Rusiya rəhbərliyinin hərbi cinayətlərə görə məsuliyyət daşıması və beynəlxalq ədalətin tam şəkildə həyata keçirilməsi də daxil olmaqla, Ukraynanı tam qələbəyə qədər dəstəkləyəcəkləri öhdəliyini götürür.
Keçmiş sovet ölkələri həmçinin Ukraynanın Aİ-yə üzvlüyünü dəstəklədiklərini bir daha təsdiqləyir və Ukraynanın 2030-cu il yanvarın 1-dək Avropa İttifaqına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı danışıqları başa çatdırmağa çağırır.