BAKI, 13 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında danışıqların planlaşdırıldığı İstanbula (Türkiyə) səfəri ilə bağlı qərar hələ verilməyib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı Amerika administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb.
Mayın 12-də Tramp bəyan eləmişdi ki, əgər Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlara faydalı olarsa, İstanbula gedə bilər.
ABŞ administrasiyasının rəsmisi CNN-ə deyib ki, Trampın İstanbula səfəri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna danışıqlarında iştirak etmək qərarına gələcəyi təqdirdə baş tuta bilər.
Administrasiyanın nümayəndəsi həmçinin təsdiqləyib ki, Trampın xüsusi elçiləri Stiven Uitkoff və Keyt Kelloq sabah İstanbula səfər edəcək. ABŞ rəsmiləri orada Rusiya və Ukrayna arasında təmasların gedişatını izləməyi planlaşdırırlar.
Xatırladaq ki, mayın 11-də ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanı mayın 15-də Türkiyədə birbaşa danışıqlar aparmağa çağırıb. Amerika liderinin sözlərinə görə, mümkün görüşə o da qatıla bilər. Həmin gün Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ildə dayandırdığı birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski buna müsbət cavab verib.
Danışıqların mayın 15-də İstanbulda başlaması təklif edilib.