BAKI, 18 aprel. TELEQRAF
Parisdə keçirilən görüşdə ABŞ nümayəndələri yaxın bir neçə həftə ərzində Ukraynada tam atəşkəsə nail olmaq istədiklərini bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” məlumat yayıb.
Parisdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də Ukrayna rəsmilərinin iştirakı ilə keçirilən danışıqlarda əsas mövzu Ukraynada atəşkəs və davamlı sülhün mümkün qədər tez əldə olunmasına doğru necə hərəkət etmək barədə olub.
“ABŞ rəsmiləri yaxın gələcəkdə ciddi irəliləyiş gözlədiklərini bildirdilər və dünən keçirilən görüşdə iştirakçılar bu istiqamətdə işləməyə razılıq veriblər”, - nəşr yazır.
Avropa heyəti də bəyan edib ki, Kiyevlə birlikdə ABŞ-nin müharibəyə son qoymaq səylərini tam dəstəkləyirlər və Rusiya atəşkəs danışıqlarında öz niyyətlərinin ciddiliyini sübut etməlidir.