BAKI, 24 fevral. TELEQRAF

Rusiya dövlətinə bağlı "Sputnik" və "Russia Today" (RT) media qurumları bir çox ölkədə qadağa və məhdudiyyətlərlə üzləşib.

Teleqraf xəbər verir ki, xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra bu platformaların fəaliyyəti geniş şəkildə məhdudlaşdırılıb.

Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralında "Sputnik" və "RT"-nin yayımını qadağan edib. Bu qərar Avropanın demək olar ki, bütün ölkələrinə şamil edilib. Almaniya isə "RT"-nin almanca yayımını lisenziya çatışmazlığı səbəbindən bloklayıb. Həmin ilin mart ayında 2022-ci ildə Böyük Britaniyanın media tənzimləyicisi Ofcom, "RT"-nin yayım lisenziyasını ləğv edib, nəticədə kanalın Britaniya ərazisində yayımı dayandırılıb. 2023-cü ilin yanvar ayında isə "RT France", Fransa xəzinəsi tərəfindən aktivlərinin dondurulduğu üçün bağlandığını elan olunub.

Baltikyanı ölkələrdə də məhdudiyyətlər tətbiq olunub. Latviya və Litva Sputnik-in milli domen zonalarında fəaliyyətini dayandırıb, Estoniya isə "Sputnik Estoniya" əməkdaşlarına qarşı mümkün cinayət işləri açılacağını bildirərək onların işdən ayrılmasına səbəb olub.

2024-cü ilin sentyabr ayında ABŞ hökuməti, "RT" və digər Rusiya media orqanlarına qarşı sanksiyalar tətbiq etdi. Bu addım, dezinformasiya yayılması və seçkilərə müdaxilə iddialarına əsaslanırdı.

Kanada isə 2022-ci ilin mart ayında "RT" və "RT France" kanallarının yayımını qadağan etdi. Hökumət bu tədbiri milli təhlükəsizlik narahatlıqları ilə əlaqələndirdi.

Türkiyə 2016-cı ildə "Sputnik"-in türk və ingilis dillərində fəaliyyətini müvəqqəti dayandırıb, lakin daha sonra məhdudiyyətlər aradan qaldırılıb.

Moldova 2022-ci ildə "Sputnik"-in saytını nifrətə və müharibəyə çağırış iddiaları ilə bloklayıb.

Avstraliya və Yeni Zelandiya isə 2023-cü ildə bu media qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Qadağaların əsas səbəbi kimi "Sputnik" və RT-nin dezinformasiya yayması və Rusiya hökumətinin təbliğat aləti olması göstərilir. Bloklamalara baxmayaraq, bu media platformaları fərqli kanallar vasitəsilə fəaliyyətlərini davam etdirməyə çalışırlar.

Bir çox ölkənin "Russia Today" və "Sputnik"in xidmətlərini məhdudlaşdırmasına baxmayaraq, bəzi ölkələrdə hələ də bu media orqanlarının fəaliyyəti davam edir. Belarus, Çin, İran, Serbiya, Venesuela, Şimali Koreya və bir sıra Afrika dövlətləri bu ölkələr sırasındadır.