BAKI, 24 fevral. TELEQRAF

Rusiya qlobal böhrandan çıxmaq üçün beynəlxalq münasibətlərin yeni prinsiplərini təklif edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Bu gün Rusiya qlobal böhranın həlli yollarının işlənib hazırlanmasında fəal iştirak edərkən və çoxqütblü dünya reallıqlarına cavab verən beynəlxalq münasibətlərin yeni prinsiplərini təklif edərkən, Yalta dərslərinə müraciət etmək faydalı olardı. O dövrdə anti-Hitler koalisiyasının yaradılması çətin idi və gərgin diplomatik iş tələb edirdi. “Böyük üçlük”ün (SSRİ, ABŞ və Böyük Britaniya) liderləri dialoq qurmaq və həm öz xalqları, həm də bütün dünyanın maraqlarına uyğun qərarlar qəbul etmək üçün tədricən fikir ayrılıqlarını bir kənara qoya bilmişdilər”, - qurum rəhbəri qeyd edib.

Narışkin qeyd edib ki, faşist Almaniyasının qaçılmaz süqutunun fərqində olması Müttəfiq ölkələrin liderlərini müharibədən sonrakı dünya nizamının gələcəyi ilə bağlı “birbaşa və dürüst danışıqlar”a sövq edib:

“Livadiya sarayında müzakirə olunan məsələlərin dairəsi son dərəcə geniş idi. İlk növbədə Hitler Almaniyasının qeyd-şərtsiz təslim olmasından sonra onun taleyini müəyyən etmək lazım idi. Müasir dillə desək, söhbət demilitarizasiya və denazifikasiyadan gedirdi. Gördüyümüz kimi, səkkiz onillikdən sonra eyni şey Ukrayna ilə bağlı da baş verir”.

Xatırladaq ki, Krım (Yalta) konfransı 1945-ci il fevralın 4-dən 11-dək keçirilib. Görüş zamanı anti-Hitler koalisiya ölkələrinin - SSRİ, ABŞ və Britaniyanın liderləri Avropanın müharibədən sonrakı strukturunu müzakirə edib, həmçinin BMT-nin yaradılması barədə razılığa gəliblər. Konfransda qərara alınmışdı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Britaniyadan başqa, Fransaya da işğal zonası verilməlidir.

Demilitarizasiya “hərbsizləşdirmə və ya silahsızlaşdırma”, denazifikasiya isə “nasizmdən təmizlənmə” anlamında işlədilir.