BAKI, 24 fevral. TELEQRAF

Müharibənin üçüncü ildönümünü qeyd etdiyimiz bu ağrılı gündə bir ölkə və xalq olaraq dost Ukrayna xalqının yanındayıq.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü münasibətilə keçirilən IV Krım Platformasının liderlər zirvəsinə videomüraciətində deyib.

“2014-cü ildə Krımın ilhaqından bu yana Türkiyə beynəlxalq hüququn təməl prinsipləri çərçivəsində Ukraynanın ədalətli davasına lazımi dəstəyi verib. Üç il əvvəl başlayanda müharibəyə qarşı olduğumuzu bəyan etmişdik, bu gün də danışıqlar yolu ilə müharibəni bitirmək üçün bütün səylərimizi sərf etmək əzmindəyik. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə güclü dəstəyimizi davam etdiririk”, - dövlət başçısı vurğulayıb.

Ərdoğan qeyd edib ki, ədalətli və davamlı sülhə gedən yol ancaq tərəflərin bərabərliyi və ədalət prinsipləri ilə açıla bilər:

“Gələn il müharibənin yox, sülhün ildönümünü qeyd etmək üçün hamımızın üzərinə mühüm vəzifələr düşür. Türkiyə olaraq ədalətli və davamlı sülhün bərqərar olması üçün var gücümüzlə çalışmaya davam edəcəyik. Bu düşüncələrlə ürəkdən ümid edirəm ki, 2025-ci il sülhün bərqərar olacağı bir il olacaq”.

Türkiyə prezidenti ölkəsinin Rusiya-Ukrayna münaqişənin həllinə töhfə verməyə və müvafiq danışıqlara ev sahibliyi etməyə hazır olduğunu da açıqlayıb.