
BAKI, 24 fevral. TELEQRAF
Almaniya Seçki Şurasının parlament seçkiləri ilə əlaqədar açıqladığı müvəqqəti rəsmi nəticələrə görə, Xristian İttifaqı partiyaları (CDU/CSU) 28,6 faiz səslə öndədirlər.
Teleqraf xəbər verir ki, Xristian Demokrat İttifaqı Partiyası (CDU) və müttəfiqi Xristian Sosial İttifaqı Partiyasından (CSU) ibarət CDU/CSU koalisiyası rəqiblərini xeyli qabaqlayır.
Radikal sağçı-populist “Almaniya üçün Alternativ” (AfD) Partiyası əvvəlki seçkilərdən 10,4 faiz çox, 20,8 faiz səslə ikinci yerdədir. Sosial Demokrat Partiyası (SPD) 16,4 faiz səslə üçüncü, Yaşıllar Partiyası isə 11,6 faiz səslə dördüncü yerdədir. Sol Partiya əvvəlki seçki ilə müqayisədə səslərini 3,9 faiz artıraraq 8,8 faizə çatıb.
Hökumətdən ayrılaraq ölkədə növbədənkənar seçkilərin keçirilməsinə səbəb olan Azad Demokrat Partiyası (FDP) 4,3 faiz səslə 5 faizlik baryerin altında qalıb. Seçkilərə ilk dəfə qatılan “Razılaşma və Ədalət Uğrunda” (BSW) Partiyası 4,9 faiz səs toplayıb.
Almaniya Bundestaqında yerlərin bölgüsü belədir: CDU/CSU 208, AfD 152, SPD 120, Yaşıllar 85, Sol Partiya 62.
Bu nəticələrə görə heç bir partiya təkbaşına hökumət qura bilməz. Almaniyada Bundestaqda çoxluğu yaratmaq üçün minimum 316 deputat lazımdır. Bu halda ən güclü ehtimal cəmi 328 deputatı olan CDU/CSU və SPD arasında koalisiya hökumətinin qurulmasıdır.
Bəs Almaniya seçkiləri dünyaya necə təsir edəcək?
Britaniyanın “Guardian” qəzeti bugünkü təhlilində belə yazıb:
“Radikal sağçı AfD-in dramatik yüksəlişi, çox güman ki, Avropanın artan qlobal təhdidlərə reaksiyasına rəhbərlik edə biləcək hökumətin formalaşdırılmasını çətinləşdirəcək”.
“The Telegraph” qəzeti isə Almaniyanın növbəti kansleri olmağa hazırlaşan CDU lideri Fridrix Merzin açıqlamalarına diqqət çəkib.
Merz seçkidən sonrakı ilk bəyanatında NATO-nun parçalana biləcəyinə işarə edib və Avropanın ABŞ-dən asılı olmayan ittifaq yaratmağa hazırlaşmalı olduğunu vurğulayıb. Avropanın ABŞ ilə 80 illik müttəfiqliyinin tarixə çevrilə biləcəyinə işarə edən Merz administrasiyasının taktikasını Moskvanın taktikasına bənzədərək Donald Trampı sərt şəkildə tənqid edib.
“Politico”ya görə, yeni Almaniya hökumətinin tam olaraq necə formalaşacağı hələ bəlli deyil:
“Amma hamının bildiyi bir şey var ki, Merz Almaniyanı hazırkı Kansler Olaf Şoltsdan fərqli istiqamətə aparacaq. Almaniya həmişəlik dəyişdi və 2021-ci ilə qədər CDU-dan olan Angela Merkelin 16 il idarə etdiyi Almaniyaya bənzəməyəcək”.
Uzun müddət davam edən nüvə enerjisi siyasətində mümkün dönüşdən tutmuş, Çinə qarşı daha sərt xəttə və Aİ-nin ticarətini artırmaq üçün Almaniya-Fransa oxunu yenidən işə salmaq planlarına qədər Merz Almaniya və bütün Avropa İttifaqının siyasi mənzərəsini bir anda sarsıda bilər.
“CNN International” 69 yaşlı Merzin miqrasiya və iqtisadi böhranlar, eləcə də ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasət səbəbindən dəyişən beynəlxalq arenada böyük bir vəzifə ilə üzləşdiyini vurğulayarkən, “Die Zeit” nəşri yeni kanslerin yeni qlobal reallıqlar fonunda inanılmaz ölçülərdə olan problemlərlə üzləşdiyini yazıb.
Almaniyanın yeni kansleri dünya siyasətinə təsir edə biləcək mühüm qərarlarla üzləşəcək. O, orduya daha çox büdcə ayırmaq üçün təzyiq altında olacaq.
Almaniya Ukraynaya hərbi yardım göstərən ikinci ölkədir. Növbəti hökumət Ukrayna Prezidenti Volodimir Zelenskini diktator adlandıran və Rusiyaya qarşı yaradılan Qərb blokunu pisləyən Trampla mübarizə aparmalı olacaq.
Almaniyanın siyasi liderləri AfD-nin kanslerliyə namizədi Elis Vaydellə görüşən və radikal sağçılarla müttəfiq olmamaq prinsipinə son qoymağa çağıran ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bu mövqeyindən şoka düşüblər. Çünki Almaniyada radikal sağçılarla ittifaqlar tabu sayılır və ölkənin nasist keçmişinə görə “təhlükəsizlik divarı” adlandırılır.