
BAKI, 24 fevral. TELEQRAF
Bu il Macarıstan üçün irəliləyiş ili olmalıdır.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Budapeştdə keçirilən illik hesabat görüşündə bildirib.
Onun sözlərinə görə, ölkəsi "mühasirədəki qaladan" çıxmaq şansı əldə edib.
"İndiyə qədər üsyan etdik, indi isə qalib gəlmək istəyirik”, - Orban vurğulayıb.
ABŞ-də də oxşar siyasi proseslərin getdiyini, lakin Amerikanın əldə etdiyi uğurun Macarıstana avtomatik zəfər qazandırmayacağını qeyd edən Baş nazir, ABŞ Prezidenti Donald Trampın Macarıstanın xilaskarı deyil, silahdaşı olduğuna diqqət çəkib: "Davut Qoliafa qarşı döyüşəndə, Davutun qardaşı da gəldi və o, olduqca möhkəm bir adam kimi görünürdü”.
Orban, həmçinin Macarıstanın Avropa İttifaqı (Aİ) ilə mübarizəsinin beş əsas istiqamətindən biri kimi miqrasiya məsələsini qeyd edib və ölkəsinin geri çəkilməyəcəyini vurğulayıb.
Eyni zamanda konstitusiyaya yalnız kişi və qadın cinsinin yazılmasını təklif edən Orban LGBTQ+ icmasının təşkil etdiyi "qürur yürüşünün" bu il baş tutmamasını tövsiyə edib.
Ukrayna ilə bağlı məsələyə də toxunan Baş nazir, rəsmi Kiyevin NATO və Aİ-yə üzv olmayacağını diqqətə çatdırıb.