BAKI, 24 fevral. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Rusiyanın Belqorod vilayətinin 7 rayonuna 39 hərbi sursat və 59 pilotsuz uçan aparat atıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Regionun rəhbəri Murom, Ziborovka və Novaya Tavoljanka kəndlərinin PUA-larla hədəfə alındığını bildirib. Qladkov qeyd edib ki, kəndlərə atılan 31 PUA-dan 29-u vurulub.

Qubernator bölgədə 4 evə ziyan dəydiyini açıqlayıb.

Borisov rayonunda hücumdan sonra 1 yük maşını, 4 avtomobil zədələnib, elektrik xətti sıradan çıxıb.

Volokonovski rayonunun Tişanka kəndinə 6 hərbi sursat və 2 PUA atılıb, 4 ev və 2 digər tikili zədələnib. Belqorod rayonuna 5 pilotsuz təyyarə ilə hücum edilib, şəxsi evə ziyan dəyib.

Valuyski rayonu və Krasnoyarsk vilayətinə 18 hərbi sursat və 8 PUA atılıb.