BAKI, 24 fevral. TELEQRAF

Rusiya Ukraynada tezliklə atəşkəs istəmir və müharibəni öz şərtləri ilə dayandırmaq üçün döyüş meydanındakı vəziyyətdən istifadə etməyi və sülh danışıqlarını qeyri-müəyyən müddətə təxirə salmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

ABŞ nəşri bildirir ki, Moskva artıq danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün hərbi əməliyyatardan istifadə etməkdə böyük təcrübəyə malikdir. Moskva Suriyadan başlayaraq İkinci Dünya müharibəsi zamanı Yalta danışıqlarına qədər bu strategiyadan istifadə edib.

“Son günlər ABŞ-nin siyasətinin qəti şəkildə Rusiyanın xeyrinə dəyişdiyi görünür. Amma bu dəyişikliyi danışıqlar masası arxasında razılaşmalara çevirmək asan olmayacaq. Putin Ukraynadan çox-çox kənara çıxan məqsədlər güdür”, - məqalədə deyilir.

Amerikalı analitik Samuel Çarapın sözlərinə görə, döyüş meydanındakı mövqeləri yaxşılaşdıqca, ruslar təzyiqləri artırırlar:

“Təsəvvür edirəm, Baş Qərargahın zabitləri Putini inandırmağa çalışırlar ki, indi təzyiqi artırıb maksimum ərazi uduşlarına nail olmaq vaxtıdır”.

Həmçinin Rusiya böyük ehtimalla müharibənin əvvəlində İstanbulda müzakirə etdikləri şərtlərə oxşar şərtlərdə təkid edəcək. Həmin danışıqlarda Rusiya xarici silahların Ukrayna ərazisinə buraxılmamasını və Ukrayna silahlı qüvvələrinin kiçildilməsi tələbini ortaya atmışdı.