
BAKI, 24 fevral. TELEQRAF
Almaniyada keçirilən parlament seçkilərində Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) qalib gəldiyi açıqlandıqdan sonra bu iki partiyanın kanslerliyə namizədi Fridrix Mers hökumətin başına keçməyə hazırlaşır. Almaniyanın iqtisadi-siyasi böhranlarla üzləşdiyi bir vaxtda liderlik kürsüsünə oturacağı gözlənilən Mersin Türkiyə ilə münasibətlərdə hansı siyasət yürüdəcəyi də maraq doğurur.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.
Nəşr qeyd edir ki, Mers Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olması ilə tanınır.
CDU/CSU-nun seçki proqramında deyilir:
“Türkiyə Avropa üçün strateji əhəmiyyətini qoruyan mühüm tərəfdaşdır. Amma indiki vəziyyətdə Aİ-nin dəyər sistemindən uzaqlaşıb və buna görə də ittifaqa üzv olması mümkün deyil”.
Məqalədə vurğulanır ki, yeni mümkün hakim komanda Ankaranın üzvlük prosesinə qapıların bağlı olduğunu bəyan edib.
Digər yandan, ötən həftə ARD telekanalına danışan Mers təhlükəsizlik və müdafiə sahəsində Türkiyə ilə daha sıx əməkdaşlıq təklif edib.
Gələcək kansler Türkiyənin geosiyasi mövqeyini nəzərə alaraq miqrasiya siyasəti və ticarət əlaqələrində funksional ortaqlığa ehtiyac olduğunu bildirib. Bununla belə, o, insan haqları və qanunun aliliyi kimi məsələlərin gündəmdə prioritet olmayacağını deyib.
“Türkiyə Almaniya üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaşdır. NATO üzvü olan Türkiyə regional təhlükəsizlikdə böyük rol oynayır. Ancaq hələlik görünən odur ki, nə Avropa, nə də Ankara Türkiyənin Aİ-yə üzvlüyünü istəyir. Bu, əməkdaşlıq edə bilməyəcəyimiz demək deyil. Əksinə, əlaqələrimizi daha da gücləndirməliyik”, - siyasətçi əlavə edib.
“Türkiyə” hesab edir ki, Mersin hakimiyyəti dövründə Almaniya-Türkiyə münasibətlərində strateji əməkdaşlıq ön planda olacaq:
“Ticarət və müdafiə sahələrində əməkdaşlıq davam edərkən, Aİ-yə üzvlük prosesi kimi məsələlərin həll olunacağı gözlənilir. Türkiyənin Qara dəniz və Yaxın Şərqdəki geosiyasi roluna görə Almaniyanın Ankara ilə sıx dialoqu davam etdirəcəyi deyilir. Xüsusilə miqrasiya, enerji və təhlükəsizlik kimi məsələlərdə praqmatik yanaşmanın tətbiq ediləcəyi nəzərdə tutulur.
Mersin Almaniyanın başına keçməsi ilə Türkiyə ilə münasibətlərdə çoxşaxəli və qarşılıqlı faydalı bir dövr başlaya bilər”.