BAKI, 24 fevral. TELEQRAF

Böyük Britaniya yeni sanksiyalar paketi çərçivəsində Rusiya hökumətinin yüksək vəzifəli şəxslərinə, məmurlarına və iri şirkətlərin rəhbərlərinə ölkəyə giriş qadağası tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Britaniya Daxili İşlər Nazirliyinin hazırladığı siyahıya bütün regional və federal nazirlər, iri Rusiya şirkətlərinin direktorları və yüksək səviyyəli menecerləri daxil olunacaq.

Sanksiyalar, həmçinin federal və dövlət qurumlarının yüksək vəzifəli şəxslərinə, enerji və maliyyə sektorundakı şirkət rəhbərlərinə, eləcə də Rusiya KİV-lərinin rəhbər şəxslərinə aiddir.

London hökuməti bu addımı Rusiya rəhbərliyinə siyasi təzyiqi artırmaq və Kremlin elitaları ilə bağlı milli təhlükəsizlik təhdidlərini azaltmaq məqsədi ilə izah edir.

Sanksiyalara məruz qalan şəxslərin tam siyahısının yaxın günlərdə dərc ediləcəyi bildirilib.