
BAKI, 24 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinə telefonla Rusiya ilə ABŞ arasındakı təmaslar barədə məlumat verib.
Teleqraf xəbər verir ki, Kremlin mətbuat xidməti Pekinin dialoqu dəstəklədiyini bildirib.
“Vladimir Putin Çin Xalq Respublikasının sədrinə son Rusiya-Amerika təmasları barədə məlumat verib. Çin tərəfi Rusiya ilə ABŞ arasında başlayan dialoqu dəstəklədiyini, həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə həll tapılmasına köməklik göstərməyə hazır olduğunu bildirib”, - açıqlamada deyilir.
Cinpin Putinə söyləyib ki, Çin Rusiya və müvafiq tərəflərin Ukrayna münaqişəsinin deeskalasiyası üçün səy göstərməsinə çox sevinir.
Qeyd edilir ki, liderlər uzunmüddətli telefon danışığı zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji münasibətlərin gələcək inkişafının aktual məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. İqtisadiyyat və ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahələrində əməkdaşlıq da müzakirə edilib.
Tərəflər vurğulayıblar ki, Rusiya-Çin münasibətləri qlobal proseslərdə “sabitləşdirici rol” oynayır və bu, başqalarına qarşı yönəlməyib və strateji xarakter daşıyır.