BAKI, 21 fevral. TELEQRAF

Aqrar Sığorta Fondu 2024-cü ilin nəticələrini açıqlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a bildirilib ki, 2024-cü ildə ölkə ərazisində sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. Bu 2023-cü illə müqayisədə 25 min hektar və ya 6% artım deməkdir.

Aqrar sığorta ödənişlərinin artması, fermerlərin aqrar sığortaya inamının yüksəlməsi nəticəsində ötən il ölkədə əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 56 662-yə yüksəlib. Bu, əvvəlki illə müqayisədə 6 min müqavilə və ya 11% artıqdır.

Qeyd edək ki, 2022-ci ildə əkin sahələri üzrə 46 828 müqavilə, 2023-cü ildə isə 50 970 müqavilə bağlanılıb.

Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub. 2024-cü ilin sonuna olan vəziyyətə sığortalanmış payızlıq buğda sahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektar təşkil edib.

2024-cü ildə əkin sahələrinin sığortası üzrə 12,3 milyon manat aqrar sığorta haqqı toplanıb və bu əkinlərə ümumilikdə 513 milyon manat sığorta təminatı verilib.

Əlavə olaraq, ötən il Aqrar Sığorta Fondu bəzi bitkiləri ilk dəfə olaraq sığortalayıb. Bunlar nektarin, qarpız, albalı, yemiş və tütün bitkiləridir. Qeyd edək ki, 2024-cü ildə qarpız sahəsinin sığortalanması ilə yanaşı, bu əkin sahəsində baş vermiş hadisə ilə əlaqədar olaraq böyük məbləğdə – 94 500 manatlıq sığorta ödənişi həyata keçirilib.

Bundan başqa, 2024-cü il ərzində Aqrar Sığorta Fondu tərəfindən 3 276 baş iribuynuzlu mal-qara sığortalanıb. Bu müqavilələr üzrə 1,9 milyon manat sığorta haqqı toplanıb və sığortalanan heyvandarlıq təsərrüfatlarına 20 milyon manat məbləğində sığorta təminatı verilib.