
BAKI, 21 fevral. TELEQRAF
Köhnə kadrlar partiya və kabinetə geri qayıda bilərlər, onlar bizim sərvətimizdir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hökumət kabinetində mümkün dəyişikliyi şərh edən hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ərkan Kandəmir deyib.
“Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) necə komanda quracağını görəcəyik. Əlbəttə, bunun kabinet və ya partiyada olacağını bilmirik. Hazırda çox güclü hökumətimiz və öz işini yaxşı görən nazirlərimiz var”, - partiya rəsmisi bildirib.
Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinetdə mümkün dəyişikliklərlə bağlı jurnalistlərin suallarını belə cavablandırmışdı:
“Heç bir məşqçi komandasını oxumadan meydana çıxarmaz. Hazırda bunun üzərində işləyirik”.
Xatırladaq ki, fevralın 23-də Türkiyənin hakim partiyasının 8-ci növbədənkənar qurultayı keçiriləcək. Qurultaydan sonra partiya və kabinetdə ciddi dəyişikliklərin olacağı gözlənilir.