BAKI, 20 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukraynanı müharibəyə başlamaqda ittiham etməyi, həmkarı Volodimir Zelenskini “diktator” adlandırmağı və Avropanı qınamağı yalana söykənir.

Teleqraf xəbər verir ki, bunu amerikalı senator Berni Sanders deyib.

Senator ABŞ prezidentinin Rusiya lideri Vladimir Putinlə müttəfiq olmasını “Amerika tarixində son dərəcə kədərli an” adlandırıb:

“Tramp bizə göstərir ki, o, dünyanın ən qəddar diktatorlarından birini (Putini) özünün dostu, Avropada köhnə müttəfiqlərimizi isə özünə düşmən hesab edir. O, avtoritar rejimlər və oliqarxlar üçün təhlükəsiz, demokratiyalar üçün çox təhlükəli bir dünya istəyir”.

Həmçinin Sanders əlavə edib:

“Tramp Ukraynanın müharibəyə başladığını söyləyir, bu, doğru deyil. Rusiya Ukraynaya iki dəfə təcavüz edib: 2014 və 2022-ci ildə. Rusiya Ukrayna ərazisinin demək olar ki, 20 faizini işğal edib. Putinin dəhşətli işğalından sonra bir milyondan çox insan həlak olub və ya yaralanıb”.

Sanders Trampın Zelenskini “diktator” adlandırmasına da reaksiya verib: “Bu da doğru deyil. Zelenski azad seçkilərdə səslərin 75 faizini toplayıb. Əslində, onun reytinqi Trampdan da yüksəkdir”.

Sandersin fikrincə, Trampın başqa bir yalanı onun avropalı müttəfiqlərinin Ukraynanı kifayət qədər dəstəkləmədiyi iddiasıdır.

Senatorun sözlərinə görə, məsələ təkcə Trampın yalan danışması ilə bağlı yox, həm də onun Amerikanı hara aparması ilə bağlıdır: “Tramp Putinə yaxınlaşır. Putin Soyuq müharibə başa çatdıqdan sonra Rusiyada demokratiya hərəkatını əzmiş diktatordur. Rusiyada hər 6 ildən bir saxta seçkilər keçirilir və bu seçkilərdə Putin guya səslərin 90 faizini alır”.

O xatırladıb ki, Putin mütləq hakimiyyəti əlində saxlayaraq, oliqarxlarına öz xalqından istədikləri qədər oğurlamağa imkan verib: “Bu, Trampın heyran olduğu Rusiya lideridir. Bu, onun dəstəklədiyi Rusiya oliqarxiyasıdır. Bu, Amerika xalqının nöqteyi-nəzəri deyil”.