
BAKI, 21 fevral. TELEQRAF
ABŞ-nin Rusiya həmləsinə cavab olaraq, Böyük Britaniya Ukraynaya 30 min hərbçidən ibarət sülhməramlı kontingent göndərmək planını həyata keçirməyə çalışır.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskini “diktator” adlandırması və Ukraynada seçkilərin keçirilməsi niyyəti Avropanı ayağa qaldırıb.
Qitə ölkələri Zelenskini dəstəkləyərək, onu Ukraynanın demokratik yolla seçilmiş lideri olduğunu bildiriblər.
“Telegraph” qəzeti gələn həftə Trampa təqdim olunacaq Britaniya-Fransa planının təfərrüatlarını oxucuları ilə bölüşüb.
Nəşr rəsmilərə istinadla yazır ki, Britaniya Baş naziri Kir Starmer Trampa ABŞ-nin dəstəyi ilə 30 min avropalı əsgərin Ukraynaya göndərilməsi planını təqdim edəcək. Rəsmilərdən biri deyib ki, atəşkəs razılaşmasına nəzarət üçün yaradılacaq kontingent müşahidə aparacaq, sərəncamında kəşfiyyat resursları və hərbi təyyarələr olacaq və Rusiyanın mümkün hücumu zamanı müdaxilə edəcək.
Məsələ həftənin əvvəlində Avropa İttifaqı liderlərinin Parisdə keçirilən toplantısında da müzakirə olunub.
Həmçinin bu çərçivədə Qara dənizə patrul gəmiləri göndəriləcək. Starmer və Fransa Prezidenti Emmanuel Makron gələn həftə Trampla görüşmək üçün ABŞ-yə gedəcək. Bu arada Makron Trampa müraciət edərək bildirib ki, o, Rusiya lideri Vladimir Putin qarşısında zəif ola bilməz.
“Bu, sən deyilsən, o (Putin), sənə uyğun biri deyil, bu, sənin marağına uyğun deyil”, - Makron ABŞ prezidentinə müraciətində söyləyib.