
BAKI, 20 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskiyə qarşı mövqeyi Kiyevə yaxşı alternativ qoymur.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Qeyd olunur ki, Ukrayna prezidenti Rusiyaya qarşı mübarizəni ABŞ olmadan davam etdirməyə cəhd edə və ya Trampın Rusiya lideri Vladimir Putinlə bağladığı hər hansı razılaşmanı qəbul edə bilər.
Həmçinin nəşr xatırladır ki, ABŞ Konqresində Kiyevin bəzi tərəfdarları Trampın hücumlarını xəyanət adlandırıb, Avropada çaşqınlıq içində qalan müttəfiqlər isə Zelenskiyə dəstək təklif ediblər:
“Amma Trampın razılaşma əldə etmək üçün tələsgənliyini ləngitmək üçün hansısa konkret addımlardan əsər-əlamət yoxdur”.
Karnegi Fondunun baş elmi işçisi Kristofer Çivvis hesab edir ki, bütün bunlar Ukraynanın Rusiya ilə sərt razılaşmanı qəbul etməsi ehtimalını artırmaq üçün danışıqlar taktikasının bir hissəsi ola bilər.
Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, Zelenskiyə hücumlar Trampın Ukraynanın nadir metalları ilə bağlı müqavilə imzalamaq üçün Kiyevə təzyiqi artırmaq cəhdi ola bilər. Ukrayna lideri amerikalı həmkarının bu təklifini rədd edib. Bu və ya digər şəkildə Rusiya rəsmiləri Trampın yanaşmasını alqışlayıblar.