BAKI, 21 fevral. TELEQRAF

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ABŞ-nin mövqeyindən asılı olmayaraq, Rusiya ilə mümkün sülh sazişi çərçivəsində Ukraynaya öz təhlükəsizlik zəmanətlərini təqdim etməli ola bilər.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi (2018-2021) general Nik Karter BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna ədalətli nizamlanmanın nə demək olduğuna özü qərar verməlidir.

Eyni zamanda, Britaniya və Aİ fərqli mövqe nümayiş etdirməli və Ukraynanın suverenliyini təmin etməlidir.

Bununla belə, general etiraf edib ki, Britaniyanın belə bir missiyanı yerinə yetirmək üçün hərbi potensialı məhduddur. O, son 30 il ərzində ölkənin ordusunun ehtiyaclarının gözardı edilməsi səbəbindən Britaniya Silahlı Qüvvələrinin “kağız pələngə” çevrildiyini qeyd edib: "Ölkəmizin nə qədər həssas olduğunu açıq şəkildə anlamaq lazımdır”.

Karterin fikrincə, ordu ehtiyac yarandığı halda yalnız bir aviadaşıyıcı yerləşdirə bilər, lakin bundan artığı mümkün deyil.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynada təhlükəsizlik təminatı məqsədilə Britaniya qoşunlarını yerləşdirməyə hazır olduğunu açıqlayıb.

Lakin o, bunun üçün ABŞ-nin zəmanət verməsinin vacib olduğunu vurğulayıb. Starmerin fikrincə, Vaşinqtonun dəstəyi olmadan Avropanın Rusiyanı cilovlamaq üçün atdığı hər hansı addım effektiv olmayacaq.

Rəsmi Moskva isə Avropa hərbçilərinin Ukraynada sülhməramlı adı altında yerləşdirilməsi ideyasına kəskin etirazını bildirib.