BAKI, 22 sentyabr. TELEQRAF

“Dil insanları birləşdirməlidir və siyasiləşdirmə predmetinə çevrilməməlidir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rus Dili üzrə Beynəlxalq Təşkilatın baş katibi Natalya Boçarova ilə görüşündə deyib.

Tərəflər təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Qazaxıstan Prezidentinin sözlərinə görə, birgə layihələr həyata keçirilərkən bütün iştirakçı dövlətlərin maraqlarının balanslaşdırılmış şəkildə nəzərə alınmasını təmin etmək vacibdir. Tokayev vurğulayıb ki, dil insanları birləşdirməli, qarşılıqlı anlaşmaya xidmət etməli, siyasiləşdirmə predmetinə çevrilməməlidir.

Qazaxıstanın dövlət başçısı humanitar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş müasir, nüfuzlu və səmərəli fəaliyyət göstərən struktur kimi təşkilatın formalaşmasının prinsipial əhəmiyyətini qeyd edib.

Boçarova təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə görə Tokayevə təşəkkürünü bildirib, həmçinin təşkilatın gələcək inkişafı ilə bağlı planlar barədə məlumat verib.