BAKI, 22 iyun. TELEQRAF
Qazaxıstan hazırda Avropa İttifaqının neft idxalının təxminən 13%-ni, uran tədarükünün isə 16%-ni təmin edir.
Teleqraf xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Euronews" üçün yazdığı məqalədə ölkəsinin Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.
Prezident bildirib ki, Qazaxıstan Avropa ilə əlaqələri təkcə enerji sahəsində deyil, kənd təsərrüfatı sahəsində də inkişaf etdirmək niyyətindədir. O, Avropanı Qazaxıstanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına sərmayə qoymağa dəvət edib.
Kasım-Jomart Tokayev həmçinin bu tərəfdaşlığın insanların gündəlik həyatına da müsbət təsir etməli olduğunu vurğulayıb.
O, viza qaydalarının sadələşdirilməsinin, tələbələrin qarşılıqlı mübadiləsinin və alimlərin birgə araşdırmalar aparmasının vacibliyini qeyd edib.