BAKI, 8 may. TELEQRAF

2027-ci il may ayının 1-dən etibarən Özbəkistanda milli və ya beynəlxalq akkreditasiyadan keçmiş özəl klinikalara insan orqanlarının transplantasiyası əməliyyatı həyata keçirməyə icazə veriləcək.

Teleqraf xəbər verir ki, müvafiq fərman ölkə Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb.

Sənəddə bildirilir ki, insan orqan və toxumalarının transplantasiyası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi tibbi xidmətlərin lisenziyalaşdırılması şərtlərinə daxil ediləcək. Özəl klinikalar xəstələr və donorlar haqqında məlumatları Səhiyyə Nazirliyinə mütəmadi olaraq təqdim etməyə borclu olacaqlar.

Öz növbəsində, sənəd molekulyar genetik tədqiqatların aparılması tələblərini və transplantasiya üçün tələb olunan testlərin siyahısını təsdiqləyir.

Dövlət büdcəsi planlaşdırılarkən, bu cür əməliyyatlar aparan özəl klinikalarda xəstələrin dərmanlarla təmin edilməsi məsələsi nəzərə alınacaq.

Xəstənin həyatına və sağlamlığına dəyən zərərə görə kompensasiyanın ödənilməsi, eləcə də transplantasiyadan sonra reabilitasiya proseduru fərdi olaraq hazırlanacaq.