BAKI, 19 noyabr. TELEQRAF

Özbəkistanda ekopolis fəaliyyətinə start veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin noyabrın 19-da imzaladığı sərəncamda deyilir.

Qərara əsasən, Ekologiya və İqlim Dəyişiklikləri üzrə Milli Komitənin ayrıca hüquqi şəxs olmayan Dövlət Ekoloji Nəzarət Müfəttişliyi (ekopolis) yaradılır.

Ekopolis ekoloji təhlükəsizliyin təmin edilməsi və bu sahədə pozuntuların qarşısının alınması sahəsində qanunların mühafizəsi ilə bağlı müəyyən vəzifələri olan Ekologiya Komitəsinin xüsusi bölməsidir.

Ekopolis əməkdaşlarına fiziki qüvvə, xüsusi vasitələr (elektroşok qurğuları) və xidməti silahdan (rezin güllələr, torlar) istifadə etmək hüququ veriləcək. Onların xüsusi geyimlərinə bədən kameraları quraşdırılacaq.

Qanunvericiliyə müvafiq dəyişikliklər edilənədək ekopolis əməkdaşları tərəfindən fiziki qüvvə, xüsusi vasitə və xidməti silahın tətbiqi qaydası “Daxili işlər orqanları haqqında” Qanunla müəyyən edilmiş əsaslar və şərtlər əsasında həyata keçiriləcək.

Qərarla 2025-2027-ci illər üçün ekopolis əməkdaşlarının xüsusi texnika və avtonəqliyyat vasitələri ilə təminatı proqramı təsdiq edilib.