BAKI, 14 noyabr. TELEQRAF

Noyabrın 14-15-də Özbəkistanda dövlət səfərində olacaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qonşu ölkənin rəhbəri Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, görüşlərdən sonra iki ölkənin bir sıra layihələrə start verəcəyi bildirilib.

Səfər proqramına əsasən, Qazaxıstan və Özbəkistan liderlərinin sədrliyi ilə Daşkənddə Ali Dövlətlərarası Şuranın ikinci sessiyası keçiriləcək. Bundan əlavə, prezidentlər ticarət, sənaye əməkdaşlığı, nəqliyyat və logistika, enerji, su ehtiyatları, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsinə yönəlmiş layihələri müzakirə edəcəklər.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev qlobal siyasət və regiondakı mühüm məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Həmçinin, prezidentlərin iştirakı ilə Beynəlxalq Sənaye Kooperasiyası Mərkəzi və bir sıra birgə layihələrə start veriləcək. Səfər zamanı Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanacaq.

Noyabrın 16-da Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə də iştirak edəcək. Bu tədbirə region ölkələrinin prezidentləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də fəxri qonaq kimi dəvət olunub.