BAKI, 13 noyabr. TELEQRAF
Mərkəzi Asiya ölkələri uzun illərdən sonra ilk dəfə olaraq birgə irəliləyiş, ümumi inkişaf və sabitliyi təmin etmək məqsədi daşıyan yeni mərhələyə qədəm qoyublar.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Mərkəzi Asiya yeni dövrün astanasında” adlı məqaləsində bildirib.
Dövlət başçısının sözlərinə görə, bu proses özlüyündə baş verməyib, Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin siyasi iradəsi və məqsədyönlü səylərinin nəticəsidir. Regionda qarşılıqlı etimad, mehriban qonşuluq və hörmət mühiti möhkəmlənib, əməkdaşlıq geniş miqyasda zərurətə çevrilib.
Prezident qeyd edib ki, Mərkəzi Asiya dövlət başçılarının mütəmadi görüşləri regional əməkdaşlığın yeni arxitekturasını yaradıb.
Məqalədə son illər sərhəd məsələlərinin qətiyyətlə həll olunduğu, dövlətlər arasında sərhədlərin dostluq və əməkdaşlıq körpüsünə çevrildiyi vurğulanıb.
Şavkat Mirziyoyev bildirib ki, regionun iqtisadi potensialı kəskin şəkildə artıb: son səkkiz ildə Mərkəzi Asiya ölkələrinin ÜDM və qarşılıqlı ticarəti iki dəfə artıb.
“Praktik fəaliyyətimiz, gələcək üçün məsuliyyətimiz, mehriban qonşuluq, dostluq və qarşılıqlı fayda prinsiplərinə sadiqliyimiz sübut etdi ki, yeni Mərkəzi Asiya sülh, davamlı inkişaf və konstruktiv tərəfdaşlıq yolunu seçir. Simvolik desək, biz divarlar yox, körpülər tikirik”, - prezident yazıb.
Məqalədə Mərkəzi Asiyanın beynəlxalq münasibətlərdəki rolu da vurğulanıb. Avropa İttifaqı, Çin, Rusiya, ABŞ və digər tərəfdaşlarla “Mərkəzi Asiya +” formatında sammitlərin keçirildiyi, regionun vahid və məsuliyyətli beynəlxalq qurum kimi mövqeyinin gücləndirildiyi bildirilib.
Şavkat Mirziyoyevin sözlərinə görə, yaxın onilliklərdə Mərkəzi Asiyanın əhalisi 100 milyonu keçəcək, əhalinin orta yaşı isə hələ çox gənc olacaq. Bu baxımdan gənclərin potensialının inkişafın və innovasiyaların əsas hərəkətverici qüvvəsinə çevrilməsi, ekoloji, su və ərzaq təhlükəsizliyinin dərinləşdirilməsi, yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar, sənaye əməkdaşlığı, humanitar əlaqələr, xarici siyasətin əlaqələndirilməsi region üçün prioritet vəzifələr kimi müəyyən edilib.
Özbəkistan liderinin fikrincə, regional əməkdaşlığın inkişafı Özbəkistan üçün taktiki yox, Mərkəzi Asiyanın gələcəyi üçün ortaq məsuliyyətdən irəli gələn strateji seçimdir. Onun dediyinə görə, qlobal qeyri-müəyyənlik şəraitində mehriban qonşuluq, həmrəylik və qarşılıqlı dəstək Mərkəzi Asiyanın ən böyük resurslarıdır.
Sonda Prezident Şavkat Mirziyoyev yeni Mərkəzi Asiyanın quruculuğu prosesinin dönməz olduğunu vurğulayaraq əlavə edib ki, bölgədə sülh, sabitliyk və rifahın təmin edilməsi istiqamətində tarixi sürəti saxlamaq bütün ölkələr üçün ümumi vəzifədir.