BAKI, 13 noyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 14-16-da ölkəyə dövlət səfəri edəcək.
Teleqraf xəbər verir ki, səfər proqramına uyğun olaraq, Özbəkistan və Qazaxıstan liderlərinin sədrliyi ilə yüksək səviyyəli ikitərəfli danışıqlar və Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır.
Gündəliyə ticarət, sənaye əməkdaşlığı, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatlarından səmərəli istifadə kimi prioritet istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də mədəni-humanitar layihələr daxildir.
Eyni zamanda, regional və qlobal siyasətin müvafiq aspektləri, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə, eləcə də bir sıra birgə layihələrin həyata keçirilməsinə yönəlmiş sənədlər paketinin imzalanması planlaşdırılır.
Səfər çərçivəsində Qazaxıstan Prezidenti Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşündə də iştirak edəcək.