BAKI, 16 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları arasında terrorizm və təhdidlərə qarşı mübarizədə praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini bildirib.
Teleqraf xəbər verir ki, o, Səmərqənddə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 57-ci iclasının iştirakçılarına müraciətində Mərkəzi Asiyada təhlükəsizliyi təhdid edən bir sıra amillərə diqqət çəkib. Bunlara Əfqanıstandakı qeyri-sabit vəziyyət, beynəlxalq terrorçu qrupların fəaliyyəti, narkotiklərin qanunsuz dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq daxildir.
Həmçinin kibercinayətkarlıqla mübarizə və süni intellektdən bədxah məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Prezident qlobal təhlükəsizlik məsələsinə toxunaraq vurğulayıb ki, region və Yaxın Şərqdə cərəyan edən münaqişələr hamını dərindən narahat edir, iqtisadi və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Bu amillər qlobal bazarda qeyri-sağlam rəqabətin artmasına, enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olur, enerji və nəqliyyat sektorlarında milli və beynəlxalq layihələrin həyata keçirilməsinə mane olur.
Özbəkistan Prezidenti belə çətin şəraitdə MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları arasında əməli əməkdaşlığın daha da dərinləşdirilməsi, onların iqtisadi, enerji və kommunikasiya sistemlərinin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsində səylərini birləşdirməyin vacibliyini bildirib.
Müraciətdə qeyd olunub ki, şuranın illik iclasları terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq və digər müasir təhdidlərlə mübarizə sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi üçün möhkəm zəmin yaradıb.