BAKI, 24 sentyabr. TELEQRAF

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Türkmənistan xarici işlər naziri Rəşid Meredov BMT baş katibinin müavini və Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər mədəniyyətlərarası və dinlərarası dialoq, etimadın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələlərinə diqqət yetiriblər. Türkmənistan sülh və əməkdaşlıq mövzularını inkişaf etdirmək üçün sessiyanın platformasından istifadə etməyə hazır olduğunu təsdiqləyib.

Mərkəzi Asiyada “Mərkəzi Asiya: dinc həyat qurmaq üçün məkan” adlı beynəlxalq forumun və YUNESKO və Sivilizasiyalar Alyansının himayəsi altında Sülh və Qarşılıqlı Hörmət Mədəniyyəti üzrə Qlobal Sammitin keçirilməsi təşəbbüsü də daxil olmaqla, birgə tədbirlərin və layihələrin təşkili imkanları təklif olunub.

Görüşün yekununda tərəflər müəyyən edilmiş istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.