BAKI, 15 sentyabr. TELEQRAF
Qırğızıstanın Çuy vilayətinin Tokmak şəhərində İslam Akademiyasının açılış mərasimi olub.
Teleqraf xəbər verir ki, Prezident Sadır Japarov açılışda iştirak edib.
Dövlət başçısı bildirib ki, yeni təhsil ocağının istifadəyə verilməsi təhsil və din sahəsində yeni mərhələnin başlanğıcı deməkdir.
İslam Akademiyası S.Japarovun fərmanı ilə ilahiyyat və dinşünaslıq üzrə yüksək səviyyəli təhsil sisteminin inkişaf etdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, dini xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan ilk dövlət ali dini təhsil müəssisəsi kimi yaradılıb.
Akademiya tədris korpusu, idman zalı və yataqxana daxil olmaqla 2 hektar ərazini əhatə edir, 400 tələbə üçün nəzərdə tutulub.
Japarov dini akademiya üçün bu vəzifələri müəyyənləşdirib:
Dini təhsilin keyfiyyətinin yüksəldilməsi;
Elmi tədqiqat, metodik, ekspert və analitik işlərin aparılması;
Yüksək ixtisaslı ilahiyyatçıların hazırlanması;
Dini qurumların nümayəndələrinin dövlət qarşısında vəzifələrini dəqiq və məsuliyyətlə yerinə yetirmələrini təmin etmək.
“Əvvəllər gənclərimizin dini biliklərinin dərinləşməsi üçün belə şərait yox idi. İndi ənənəvi İslam dininin yüksək səviyyədə tədrisini təmin edəcək akademik ali təhsil ocağı açılır. Bundan sonra elm dalınca xaricdə təhsil almağa ehtiyac yoxdur. Ona görə də gələcəyimiz olan gənclərimizi bizdə - dünya standartlarına cavab verən İslam Akademiyasında təhsil almağa dəvət etmək istərdim”, - Qırğızıstan Prezidenti vurğulayıb.