BAKI, 28 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından hansı namizədi dəstəkləyəcəyini mümkün qədər uzun müddət açıqlamamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” nəşri mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp komandasının üzvləri arasında rəqabəti gücləndirməyə üstünlük verir və son ana qədər namizədlərdən hər hansı birinə rəsmi dəstək verməkdən çəkinə bilər.

Bununla Ağ Ev rəhbərinin respublikaçılar üzərində nəzarəti qoruyub saxlamağa və prezidentlik müddəti başa çatmadan siyasi nüfuzunu itirməməyə çalışdığı bildirilir.

Tramp nəşrə müsahibəsində respublikaçılar arasında prezidentlik uğrunda mübarizəyə qoşula biləcək bir qrup şəxsin olduğunu bildirib.

Qeyd olunub ki, son bir il ərzində ABŞ lideri vitse-prezident Cey Di Vensin və ya dövlət katibi Marko Rubionun onun varisi ola biləcəyini istisna etməyib.

Pentaqon rəhbəri Pit Heqsetin prezidentliyə namizəd olmaq ehtimalı barədə suala isə Tramp belə cavab verib:

“O, işinin öhdəsindən yaxşı gəlir”.

Xatırladaq ki, daha əvvəl ABŞ mediası Heqsetin 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini yazmışdı. Pentaqon rəhbəri isə sonradan bu məlumatı təkzib etmişdi.