BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını dərhal İranı tərk etməyə çağıraraq, Yaxın Şərqdə hərbi əməliyyatların sürətlə genişlənə biləcəyi barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə departamentin bəyanatında bildirilib.
Qeyd olunub ki, İran, Yəməndə fəaliyyət göstərən “Ənsarallah” terror təşkilatı (husilər) və Tehranın digər proksi qüvvələrinin regionda yaşayan ABŞ vətəndaşlarını, şirkət və müəssisələri hədəfə alması mümkündür.
“İrana heç bir səbəbdən səfər etməyin. ABŞ vətəndaşları İranı dərhal tərk etməlidirlər”, - bəyanatda vurğulanıb.
ABŞ Dövlət Departamenti vətəndaşlara aviareyslərin ləğvinə və hava məkanının mümkün bağlanmasına hazır olmalarını da tövsiyə edib. Vaşinqton həmçinin xəbərdarlıq edib ki, İranın quru sərhədlərini keçmək və qonşu ölkələrə daxil olmaq qaydaları qısa müddət ərzində dəyişə bilər.