BAKI, 28 noyabr. TELEQRAF
ABŞ hərbçiləri Oman körfəzində “Pacific Archer” ticarət gəmisinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə gətiriblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, İranın Bəndər-Abbas limanından çıxan gəmi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını yarmağa cəhd göstərib.
“ABŞ hərbi təyyarəsi Palau bayrağı altında üzən “Pacific Archer” gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib”, – məlumatda qeyd olunub.
Zərbə nəticəsində gəminin mühərrik sistemi sıradan çıxıb. Ekipaj üzvləri xəsarət almayıblar.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankerinin dəniz minasına düşərək alovlandığını açıqlamışdı.