BAKI, 28 noyabr. TELEQRAF
Türkiyənin Bolu vilayətində 10 uşaq və onları müşayiət edən üç nəfərin olduğu avtomobillə əlaqə kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kocaelidə nazirliyin tabeliyindəki sosial xidmət müəssisəsində yaşayan 14-17 yaşlı 10 qız və üç əməkdaş üçün Bolunun Yedigöllər və Gölcük təbiət parkına birgünlük ekskursiya təşkil edilib.
Geri qayıdarkən avtomobillə əlaqə kəsildiyindən aidiyyəti qurumlar məlumatlandırılıb və əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
İHA-nın məlumatına görə, yerli vaxtla saat 15:00-dan etibarən avtomobillə əlaqə saxlamaq mümkün olmayıb. Sonuncu GPS siqnalı Yedigöllərdəki Kapankaya müşahidə meydançası yaxınlığından qeydə alınıb.
Axtarışlara jandarm qüvvələri, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, tibbi briqadalar və nazirliyin nümayəndələri cəlb olunublar.
Axtarış-xilasetmə əməliyyatlarında pilotsuz uçuş aparatlarından da istifadə olunur.