BAKI, 9 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla müharibəyə qarşı mövqeyinin onların münasibətlərinə təsir etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Floridanın Vest-Palm-Biç hava limanında jurnalistlərə açıqlamasında danışıb.

ABŞ lideri Vensin İranla hərbi əməliyyatlara dair son açıqlamalarını şərh edərkən bildirib ki, vitse-prezident zərurət yaranacağı təqdirdə yenidən müharibəyə başlamağı dəstəkləyəcəyini də deməli idi.

“Onun açıqlamaları çoxlarının xoşuna gəlmədi, amma mənim yox. O, bir məqam istisna olmaqla, haqlı idi. Deməli idi ki, əgər hər şeyi yenidən təkrarlamaq lazım gəlsəydi, bunu edərdikmi? Cavab bəlidir”, – Tramp vurğulayıb.

Prezident İranla müharibəni ABŞ-nin ən uğurlu addımlarından biri kimi qiymətləndirib.

“Bu, tarixə ən yaxşı işlərimizdən biri kimi düşəcək. Çünki onların nüvə silahı olsaydı, dünyanı partladardılar”, – o iddia edib.

Qeyd edək ki, Cey Di Vens noyabrın 3-də keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətini İranla müharibənin ABŞ cəmiyyətində populyar olmaması ilə əlaqələndirib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasına dair anlaşma memorandumu imzalasa da, iyulun 8-də ABŞ İranı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

Sonradan Vaşinqton hərbi əməliyyatların miqyasını azaltmaq və iqtisadi sanksiyalara üstünlük vermək niyyətini açıqlayıb. Bununla belə, Tramp oktyabrın 10-da İrana yeni zərbələr endirilməsi ehtimalını istisna etməyib.