BAKI, 11 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasını səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət mexanizmlərini siyasi mübarizə vasitəsinə çevirməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri müdafiə naziri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluqla nəticələndiyini bildirib.
“Demokratların müdafiə naziri Pit Heqsetə qarşı impiçment başlatmaq cəhdi tam fiasko ilə nəticələndi. Tomas Massi adlı uğursuz siyasətçi istisna olmaqla, bütün respublikaçılar Piti dəstəklədilər”, – Tramp yazıb.
Prezident Venesuela və İranda əldə olunduğunu iddia etdiyi uğurlara, ABŞ Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul göstəricilərinə və ordudakı yüksək döyüş ruhuna da diqqət çəkib.
“Bütün bunlar böyük Amerika vətənpərvərinin haqlı olduğunu bir daha sübut etdi. Demokratlar ABŞ-ni siyasi silaha çevirməyə və hakimiyyət səlahiyyətlərindən sui-istifadə etməyə davam edirlər. Onların qarşısı alınmalıdır!” – Tramp vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası Heqsetə qarşı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamənin müvafiq komitəyə göndərilməsinə səs verib.
Komitədə respublikaçıların çoxluğa malik olması təşəbbüsün hazırkı Konqresin səlahiyyət müddəti ərzində qəbul olunması ehtimalını faktiki olaraq aradan qaldırıb.
İmpiçment təşəbbüsünü noyabrın 9-da Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi irəli sürüb. Heqset isə onun vəzifədən uzaqlaşdırılması cəhdlərini “fars” adlandırıb.
Pentaqon rəhbərinin ABŞ–İran münaqişəsi ilə bağlı fəaliyyəti həm demokratların, həm də bəzi respublikaçıların tənqidinə səbəb olub.
Noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratlar qələbə qazanıblar. 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq yeni Konqresdə demokratların hər iki palatada çoxluğa sahib olacağı bildirilir. Heqsetə qarşı impiçment məsələsinin yenidən qaldırılması üçün qətnamə təkrar təqdim edilməlidir.