BAKI, 11 noyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə naziri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanması təşəbbüsünü faktiki olaraq bloklayıb.
Teleqraf xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının rəsmi saytında yayımlanan səsvermənin nəticələrindən məlum olub.
Prosedur səsverməsində impiçment təşəbbüsünün müvafiq komitəyə göndərilməsini 211 konqresmen dəstəkləyib, 204 nəfər isə əleyhinə çıxıb.
Qərara əsasən, təşəbbüs respublikaçıların çoxluğa malik olduğu komitəyə göndərilib. Bu isə sənədin Konqresin hazırkı çağırışının səlahiyyət müddəti başa çatanadək qəbul olunması imkanını faktiki olaraq aradan qaldırır.
Bundan əvvəl Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi Pentaqon rəhbərinə qarşı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim etmişdi.
Heqset isə mətbuat konfransında onun vəzifədən uzaqlaşdırılması cəhdlərini “fars” adlandırmışdı.
Qeyd edək ki, ABŞ və İran arasında münaqişə fonunda Pentaqon rəhbərinin fəaliyyəti həm demokratların, həm də bəzi respublikaçı konqresmenlərin ciddi narazılığına səbəb olub.
Noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratlar qələbə qazanıblar. Seçkilərin nəticələrinə əsasən formalaşacaq 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.
Yeni Konqresdə hər iki palatada çoxluğa sahib olacaq demokratlar Heqsetin impiçmenti məsələsini yenidən gündəmə gətirmək istəsələr, müvafiq qətnaməni təkrar təqdim etməli olacaqlar.