BAKI, 11 noyabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında iki ay əvvəl vəfat edən namizəd yerli seçkilərdə liderlik edir.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın KCRA telekanalı məlumat yayıb.

Məlumata görə, avqustun 31-də pilləkəndən yıxılaraq həyatını itirən Brüs Cudiçi Kalaveras dairəsinin Nəzarətçilər Şurasına keçirilən seçkilərdə rəqibini qabaqlayır.

Namizədin ölümünə baxmayaraq, onun seçki qərargahı kampaniyanı davam etdirərək seçiciləri Cudiçiyə səs verməyə çağırıb.

“Seçki kampaniyasını davam etdirmək çox çətin və emosional qərar idi. Lakin biz Brüsün bunu istədiyinə, bunun onun missiyası olduğuna qəti şəkildə inanırdıq. Məqsədimiz isə onun missiyasını başa çatdırmaq idi”, – deyə seçki qərargahının könüllüsü Kerri Biqqs-Adams bildirib.

Son nəticələrə əsasən, Cudiçi 56,99 faiz (1982 səs), rəqibi Klayd Klepp isə 43,01 faiz (1496 səs) toplayıb.

Hazırda 322 seçki bülleteni hesablanmayıb, daha 340 bülleten isə imzaların təsdiqlənməsini gözləyir.

Kaliforniya qanunvericiliyinə əsasən, Cudiçi seçkilərdə qalib gələrsə, ştatın qubernatoru yeni seçkilər keçirilənədək və ya onun varisi təyin olunanadək həmin vəzifəyə müvəqqəti icraçı təyin edəcək.