BAKI, 9 oktyabr. TELEQRAF
ABŞ-nin “SpaceX” şirkəti ölkə ərazisini tam əhatə edəcək mobil rabitə şəbəkəsinin yaradılması istiqamətində mühüm addım atıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, “SpaceX” ABŞ miqyasında geniş mobil rabitə xidmətləri göstərmək üçün zəruri olan bütün əsas komponentləri əldə edib.
“Bu, Amerikada mobil rabitənin tam əhatəsini təmin etmək üçün lazım olan son dərəcə vacib hissədir”, – Mask bildirib.
Açıqlama şirkətin aşağı tezlik diapazonunda siqnal ötürülməsi üçün lisenziyalar əldə etməsi ilə bağlıdır. Sözügedən tezliklər mobil siqnalların divarlardan və digər maneələrdən keçməsinə imkan yaradır və iri mobil operatorlar tərəfindən geniş istifadə olunur.
“SpaceX”dən bildirilib ki, ABŞ Federal Rabitə Komissiyasının təsdiqindən sonra “Starlink Mobile” şəbəkəsi peyk rabitəsini yerüstü rabitə qüllələri ilə birləşdirən yeni sistem əsasında fəaliyyət göstərəcək.
Şirkət yeni şəbəkə vasitəsilə ABŞ-nin bütün ərazisində mobil rabitə xidmətləri göstərməyi hədəfləyir.