BAKI, 25 noyabr. TELEQRAF
Əvvəllər ənənəvi kiberhücumlarda təhlükəsizlik boşluğunun aşkar edilməsi iki-üç ay çəkirdisə, hazırda bu müddət təxminən 11 dəqiqəyə qədər azalıb.
Teleqraf xəbər verir ki, bunu “Mastercard”ın EEMEA regionu üzrə Kibertəhlükəsizlik məhsulları üzrə regional direktoru Süheyl Hamavioğlu X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, süni intellektdən istifadə kibercinayətkarların imkanlarını genişləndirib:
“Əvvəllər mürəkkəb hücumlar hazırlamaq və həyata keçirmək üçün xüsusi bilik və bacarıqlara malik olmaq tələb olunurdusa, indi hətta başlanğıc səviyyəli kibercinayətkarlar da bu imkanlardan yararlana bilirlər.
Təhlükəsizlik boşluqları erkən aşkarlansa belə, korporativ mühitdə onların aradan qaldırılması və müvafiq müdafiə tədbirlərinin görülməsi müəyyən vaxt tələb edir. Kibercinayətkarlar isə süni intellektin köməyi ilə bu boşluqlardan daha qısa müddətdə istifadə edə bilirlər.
Bu səbəbdən təşkilatların kibertəhlükələrə qarşı müdafiə mexanizmlərini sürətləndirməsi və təhlükəsizlik boşluqlarına operativ reaksiya verməsi vacibdir”.