BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə endirilən zərbənin şəraitini araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“Biz hadisə yerində deyilik, buna görə ekspertlərimizə təhlil aparmaq imkanı verməliyik. Nə baş verdiyini bilmədiyimiz üçün, əlbəttə ki, məsələni araşdırırıq”, - rəsmi bildirib.
“Armament Research Services” (ARES) tədqiqat xidmətinin eksperti isə NBC News-a bildirib ki, onun qənaətinə görə, zərbə ABŞ istehsalı olan yüksək dəqiqlikli silahla endirilib.
Bundan əvvəl CENTCOM İrandakı hədəflərə silsilə zərbələr endirdiyini açıqlayıb. “Press TV” partlayışların ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra şəhərlərdə baş verdiyini bildirib.
“Fars” agentliyinin İran Qızıl Aypara Cəmiyyətinə istinadən yaydığı məlumata görə, Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə zərbə nəticəsində 5 nəfər ölüb, azı 68 nəfər yaralanıb.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, Baş katib Antonio Quterreş mülki şəxslər arasında itkilər, o cümlədən toy mərasiminə zərbə nəticəsində ölən və yaralananlarla bağlı məlumatlardan ciddi narahatdır.