BAKI, 3 sentyabr. TELEQRAF

İsrail Qəzza zolağında yaşayan fələstinlilərin böyük hissəsinin anklavdan mütəşəkkil şəkildə çıxması üçün şərait yaratmağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats “The Times of Israel” nəşrinə açıqlamasında bildirib.

Katsın sözlərinə görə, İsrail bunun üçün ABŞ Prezidenti Donald Trampın razılığını gözləyir.

“Qəzza üçün son nəticədə bu miqrasiya olmadan real həll yolu yoxdur”, - nazir deyib.

Kats iddia edib ki, HƏMAS fələstinlilərin Qəzza zolağını tərk etməsinə imkan vermir, digər ölkələr isə onları qəbul etmir. O, hansı sorğulara əsaslandığını açıqlamadan Qəzza əhalisinin 80 faizinin anklavdan köçmək istədiyini bildirib.

Nazir İsrail hökumətinin Trampın daha əvvəl irəli sürdüyü Qəzza planını unutmadığını vurğulayıb.

“Biz onları oradan çıxarmağa hazırıq – dəniz, hava və ya istənilən digər yolla”, – Kats bildirib.

Onun sözlərinə görə, Tramp da bu ideyadan imtina etməyib və planın icrası sadəcə müvəqqəti dayandırılıb.

Xatırladaq ki, Tramp 2025-ci ilin fevralında təxminən 2,3 milyon nəfərlik Qəzza əhalisinin başqa ərazilərə köçürülməsi və müharibə nəticəsində dağıdılmış anklavın yenidən qurulması ideyasını irəli sürmüşdü. Plan fələstinlilərin “könüllü miqrasiyası” kimi təqdim edilmişdi.